“Qocalar evi”nin qocaları - XÜSUSİ REPORTAJ

63 yaşlı Sima xanım 6 ildir Bilgəhdəki "qocalar evi"nin daimi sakinidir. Deyir ki, əslən Bakılıdır. Gənc yaşlarında sevdiyi oğlanla ailə qurub, İsmayıllıya gəlin köçüb. Amma birgə nikahdan onların övladı olmayıb. Beləliklə, ailə qərara gəlib ki, övladlığa uşaq götürüb birgə yaşamağa davam etsinlər. Onlar bu addımı atdıqdan sonra yenidən İsmayıllıya dönüblər. Övladlarının 17 yaşı olanda Sima xanımın həyat yoldaşı dünyasını dəyişib. Bundan sonra isə...

"İndi heç kəsim yoxdur. Yoldaşım rəhmətə getdi. Bir uşaq götürüb saxlayırdıq. Onu böyütdüm, Ukraynaya çıxıb getdi. 10 ildir gedib. Yoldaşım İsmayıllıdan idi. Qohumları istəyirdilər biz oradan çıxaq . Nə boyda ev-eşiyim heç oldu ona görə. Onlar üçün mən bkılı qızı idim, o da "detdom" uşağı".

Çox sual ünvanlamaq istəyirdim Sima xanıma, amma çəkindim. Bəlkə bizi səhv başa düşər, sualdan inciyər deyə. "Qocalar evi"nin sakinləri ilə söhbətimdə anladım ki, həyat hekayələr müxtəlif olsa da əksəriyyətini eyni ağrı birləşdirir. Söhbətimiz uzandıqca onlar hər şeyi özləri danışdılar. O qəmli, bəzən isə əsəbi baxışlar, ömrün hər bir əzabının izini saxlayan qırışlı əllər, “övlad” sözü əksik olmayan dodaqlar... Hər şeyi danışdılar...

66 yaşlı Həbib dayı ilə görüşdük. Kefsiz olsa da bizi otağına dəvət etdi. Qəribə taleyinin olduğunu deyir Həbib dayı. "Həyat yoldaşım mənimlə yaşamaqdan imtina etdi. Evim bölünməli deyildi. Mən pencəyimi götürüb evimi tərk elədim. Uzun müddət müxtəlif yerlərdə yaşadım. Sonra nazirliyə müraciət elədim, araşdırdılar və məni buraya gətirdilər. 5 övladım var, ildə bir dəfə böyük qızım və kiçik oğlum yanıma gəlirlər . Mən hərdən bir gedib nəvələrimə baş çəkirəm". Beş övlad atası olan Həbib Qəmbərov 8 ildir "qocalar evi"nə pənah gətirib.

"Qızım yad oğlunun evindədir, oğlumun da dörd uşağı var. Mən özüm də xəstəyəm. Əsəblərim yerində deyil. İkinci qrup əliləm. Şəkər xəstəsiyəm. İnfarkt keçirmişəm. Daha çox kim üçün darıxırsınız? Dünənim üçün, keçmişim üçün, hətta çəkdiyim əzablarım üçün belə darıxıram. Burada yaşayan insanlar əsəb xəstəsidir. Hamısı həyatından küskündür. İçləri qəmlə doludur. Bizə bütün şərait yaradılıb, amma içimiz elə bil yaradır".

Növbəti müsahibim isə milliyyətcə rus Nina İvanova idi. Olduqca həyat sevər bu qadın "qocalar evi"ində ikinci dəfə Azərbaycanlı həmyaşıdı ilə ailə qurub. Bakıda doğulub Nina xanım. Ailənin tək övladı olub. Valideynlərini itirib, həyat yoldaşı da dünyasını dəyişib.

" İnsanlara inandım evimi itirdim, həyat yoldaşım rəhmətə gedəndən sonra. İstədim evimi dəyişim, amma məni aldatdılar. Sonra bura üz tutdum. 8 ildir burada yaşayıram. Burada bizə göstərilən diqqət və qayğıdan çox razıyıq. Bir sözümüzü belə iki etmirlər. Burada 5 ildir ailə qurmuşam. O keçmiş müstəntiqdir. Burda tanış olmuşuq. Burda müxtəlif taleli insanlar var. İndi elə bilirəm bacım, qardaşım, atam da, anam da odur".

Müharibə və əmək əlilləri üçün pansionatın digər bir sakini isə Zəroş xaladır. Səhhətindən şikayət etdi bizə. Deyir ki, ayaqları çox incidir onu. Uzun illər qatar bələdçisi işləyib Zəroş xala. Bir qızı var, nəvəsi ağır xəstədir. Müalicəsinin xaricdə olunmasına ehtiyac olduğundan Zəroş xala evini satıb. Yaşamağa və sığınmağa bir kimsəsi olmadığından isə ahıllar evinə üz tutub.

"Oğlum yoxdur. Bir qızım var. O da qızı ilə bərabər Türkiyədədir. Nəvəm ağır xəstəlikdən əziyyət çəkir. Hər şeyimi nəvəmin sağlamlığı üçün verdim. O da Allaha pənah".

Hazırda ƏƏSMN-nin Bilgəhdəki, Müharibə və əmək əlilləri üçün pansionatında 170 nəfər yaşayır. Pansionatda əsaslı təmir işləri aparılmaqla pansionat üçün ikinci korpus inşa edilib. "Qocalar evi" kimi tanının bu pansionatda Azərbaycanın demək olar ki, hər bir bölgəsindən olan insan var. Bu insanlarla işləmək üçün kifayət qədər səbirli olmaq və onlara sevgi ilə yanaşmaq lazımdır. Çünki atılmış uşaqlardan və yaxud sağlamlığından məhrum insanlardan fərqli olaraq, bu evin sakinlərinin yaşı 60 yaşdan yuxarıdır, onlar həyata küskün insanlardır. Bu səbəbdən onlarla davranış tam fərqlidir". Bunu APA TV-yə müsahibəsində Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Qətibə Əsədova deyib.

"Çox mürəkkəb xasiyyətləri var, küskündürlər. Hər şeylə barışmırlar. Bütün bunlara baxmayaraq, şəfqət və sevgi ilə onlara yanaşırsansa, onların çöhrələri həmin dəqiqə dəyişir".

Qətibə Əsədovanın sözlərinə görə, pansionatın hər bir sakini gün ərzində 3 dəfə yeməklə, pulsuz geyimlə təmin olunur. Bundan əlavə ƏƏSMN tərəfindən pansionat sakinlərinin maddi rifah halının yaxşılaşdırlması istiqamətində də müxtəlif addımlar atılıb. Atrıq Sabunçu rayon İcra Hakimiyyəti və ƏƏSMN nin birgə səyi nəticəsində qocalar evinin 170 nəfər sakinin rahatlığı məqsədi ilə pansionatda bankomat quraşdırlıb, bundan əlavə sakinlərin vanna otaqlarının sayı artırılıb ki, burada yaranan növbəlilik problemi də aradan qaldırılıb. Amma problemlər hələ də var.

"Pansionatda daha çox psixoloqa ehtiyac var. Burda nevropotolq da da yoxdur, elə sakinimiz var ki, hətta gecələr belə əsəbləri sakitləşmir. Psixiatr da yoxdur. Bununla bağlı ƏƏSMN müraciət etmişik. Nazirlikdən bildirilib ki, təmir başa çatdıqdan sonra bu problemlər aradan qaldırılacaq. Yaxşı olardı ki, sakinlərimizn yaş mıəsələsi nəzərə alınmaqla burda labaratoriya fəaliyyət göstərsin. Ahıl yaşlı insanları şəhərə müayinə aparmaq üçün nəqliyyat problemimiz də var".

"Qocalar evi" pensiya yaşlı tənha vətəndaşların və əlillərin dövlət himayəsində yaşadığı ümumi tipli bir müəssisədir. Burada tənha vətəndaşlar və əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Yaşlılar bizim böyüklərimiz, bizim yol göstərənlərimizdir. Bu səbəbdən onları qorumalıyıq. Unutmamalıyıq ki, bu gün biz öz valideyinlərimizə necə davranırıqsa, bizim övladlarımız da sabah bizə elə davranacaq.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı