Qaxda güclü yanğın olub

Qaxda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yanğın Azərbaycan küçəsində qeydə alınıb. İlqar Ramazan oğlu Məmmədova məxsus ümumi sahəsi 50 sotuq (0,5 hektar) olan üzüm bağında baş verən yanğın qısa müddətdə genişlənərək üzüm bağı sahəsinin yaxınlığında tikilən, Zakir Tahir oğlu İsakova məxsus, ümumi sahəsi 150 kv/m olan alaçığa və əraziyə yaxın “Sahil parkı”nın arxa hissəsindəki ümumi sahəsi 1 ha olan quru ot sahəsinə keçib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində İlqar Məmmədova məxsus üzüm bağı, Zakir İsakova məxsus alaçığın 60 kv/m sahəsinin yanar konstruksiyaları və “Sahil parkı”nın arxa hissəsindəki ümumi sahəsi 1 ha olan quru ot sahəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində alaçığın qalan hissəsi yanğından mühafizə edilib, quru ot sahəsindəki yanğının “Sahil parkı”na keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Fakla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov