Lənkəran-Lerik şosesində reyd keçirilib
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları nəqliyyatın sıx olduğu Lənkəran-Lerik şosesində növbəti reyd keçiriblər. APA TV-nin cənub bürosunun məlumatına görə, tədbir əsasən texniki baxışdan keçməyən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini aşkarlamaq məqsədi daşıyıb. Reyd zamanı avtomaşını texniki baxışdan keçirmədiyi, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə etdiyi, avtomaşına əlavə avadanlıqlar quraşdırdığı, eləcə də polisin “Dayan!” əmrinə tabe olmadığı üçün 100-ə yaxın sürücü saxlanılıb. Bölmənin təbliğat və təşviqat üzrə inspektoru Emil Vəliyevin sözlərinə görə, onlardan 56-sı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə əsasən cəzalandırılıb. Reyd zamanı polis əməkdaşlarına hədə-qorxu gələn sürücülərə də rast gəlinib.
Bundan əlavə reydlərə müdaxilə və maneçilik törədən vətəndaşlar barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili cərimə meydançasına aparılıb.