Avtovağzaldan bölgələrə 17 min sərnişin gedib
Ramazan bayramı ilə əlaqədar paytaxtdan bölgələrə gedən sərnişinlərin sayı artıb. Bu gün də bayram günü olmasına baxmayaraq, rayona gedən sakinlər çoxdur.
Ramazan Bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi hərəkət qrafikində dəyişiklik edib. İyulun 25-dən gücləndirilmiş iş rejimində çalışan avtovağzal ayın 30-dək bu qaydada çalışacaq. Bu müddət ərzində isə paytaxtdan bölgələrə 17 mindən çox sərnişin yola salınıb.
Növbə rəisi Məhəmməd Abdullayev APA TV-yə deyib ki, adi günlərdə 400 nəqliyyat vasitəsi, 10-11 min sərnişin gedirdisə, xüsusi günlərdə, bayram günlərində 700 nəqliyyat vasitəsi, 17 mindən çox sərnişin yola salınır. Ayın 26-27-si 17 mindən çox sərnişin rayonlara yola salınıb. Dünən isə bu rəqəm 13 min olub.
Respublikanın müxtəlif regionları üzrə hərəkət edən avtobuslar indi daha sıx qrafiklə işləyir. Axın isə qərb rayonlarına, eyni zamanda Aran rayonlarınadır.
Avtovağzalda qiymətlərə nəzarət komissiyası da yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər. Artıq bu intizamı pozanlar cəzalandırılıb.
Bu gündən etibarən isə bölgələrdən paytaxta axın oalcaq. Buna görə də bölgə avtovağzalları da gücləndirilmiş iş rejimində çalışacaq.