Bayram məzuniyyətinə gələn əsgəri maşın vurub öldürdü
Kürdəmir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir şəhərinin Babək küçəsində qeydə alınıb. Rayon sakini 1971-ci il təvəllüdlü Rzayev Baba Hüseynağa oğlu idarə etdiyi 10-BN-232 dövlət nömrə nişanlı “QAZ 2410” markalı minik maşını ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. O, yolun kənarındakı səkidə hərəkət edən piyada 1996-cı il təvəllüdlü Atayev Rəşadət Yaşar oğlunu vurub. “N” saylı hərbi hissəsinin əsgəri olan Rəşadət Atayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Maşın isə ağaca çırpılıb və sürücü Baba Rzayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, əsgər Rəşadət Atayev 7 ayın əsgəri olub. Ramazan bayramı ilə əlaqədar Bakıdan yaşadığı rayona məzuniyyətə gəlibmiş.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.