Ukraynada 9 uşaq minaya düşüb

Ukraynanın Donetsk vilayətində, Artemovsk rayonunun Berestovaya kəndi ərazisində 9 uşaq minaya düşüb. APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. Onun sözlərinə görə, uşaqlar artıq xəstəxanaya çatdırılıb və hamısının vəziyyəti olduqca ağırdır. Bəzilərinin əl və ayaqları amputasiya oluna bilər. Bir neçə uşaq görmə qabiliyyətini itirib.

 

Bu arada ABŞ-ın dövlət katibi Con Kerri yaxın günlərdə Ukraynaya səfər etmək niyyətindədir. Bunu Con Kerri Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə Nyu-Yorkda keçirdiyi birgə mətbuat konfransında bəyan edib. Ukrayna hökumətinin ölkənin şərqində qarşılıqlı atəşkəsə hazır olduğunu bildirən ABŞ-ın dövlət katibi Rusiyanın separatçıları silah, maliyyə və canlı qüvvə ilə təmin etdiyini vurğulayıb: “Biz bunu görürük, əlimizdə dəlil-sübutda var. Məhz Rusiyadan aldıqları dəstəyə görə separatçılar silahı yerə qoymurlar”.STATIN SONU.

 

ABŞ-ın dövlət katibi bir daha bildirib ki, Rusiya münaqişənin nizamlanmasına dair müvafiq addımlar atmasa rəsmi Vaşinqton və Avropa Birliyi yeni, daha sərt sanksiyalara əl atacaq.

 

Artıq Avropa Birliyinin 28 üzv ölkəsini təmsil edən səfirlər Brüsseldə keçirilən iclasda Rusiyaya qarşı üçüncü səviyyəli sanksiyalar tətbiq edilməsi barədə qərar qəbul ediblər. Yeni sanksiyaların tətbiqi “işgüzar” şəraitdə baş tutub. Buna səbəb Avropa Birliyi ölkələrinin növbədənkənar sammitinin keçirilməsindən imtina olub. Baxmayaraq ki, Almaniyanın kansleri Anqela Merkel daxil olmaqla, bir neçə Avropa lideri sammitə görə məzuniyyətlərini dayandırmağa hazır olduqlarını bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv