Kərküklü jurnalist: “Türkmən qaçqınların vəziyyəti çox ağırdır”
İraqda türkmənlərin durumu son dərəcə pisləşib. Regiondakı son vəziyyətlə bağlı APA TV-yə açıqlama verən kərküklü jurnalist, Anadolu Agentliyinin Kərkük bürosunun rəhbəri Əli Mükərrəm Kasapoğlu xüsusilə Telaferdə vəziyyətin gərgin olduğunu deyib. Onun sözlərinə görə, Telaferdə yaşayan 500 minə yaxın türkmənin təxminən yarısı İŞİD-in hücumları səbəbilə şəhəri tərk etmək məcburiyyətində qalıb: “Onların çoxu Ərbil ətrafında məskunlaşıb. Oradakı düşərgələrdə də vəziyyət ağırdır. Sayları çoxdur və hər gün köç olur”.
Həmkarımızın sözlərinə görə, hazırda Türkməneli bölgəsində yerləşən Diyala şəhərində İŞİD birləşmələri ilə yerli qüvvələr arasında silahlı qarşıdurmalar davam edir. Əli Mükərrəm Kasapoğlu pis vəziyyətdə olan türkmənlərin qonşu ölkələrdən yardım gözlədiklərini deyib: “Yardım üçün Türkiyədən gözləntilər var. Türkiyə əslində daha çox dəstək ola bilərdi. Bu ölkə insani baxımdan yardım edir. Bir sıra qurumlar var ki, ay boyunca qida və geyim yardımları ediblər”.
Həmkarımızın sözlərinə görə, İraq hökuməti türkmən qaçqınlara heç bir yardım göstərmir.