Avqustda hava necə keçəcək? - AYLIQ PROQNOZ
"Azərbaycanda avqust ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir".
Bunu APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib: "Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir".
Baş hidroloq deyib ki, son 20 il ərzində Bakıda ən isti yay 2010-2011, ən sərin yay isə 1993 və 2004-cü illərdə olub: “Azərbaycanda anomal istilər 2010-cu ildə qeydə alınıb. Həmin il iyulun 11-12-də Bakıda 40-41, bəzi Mərkəzi Aran rayonlarında 42-43, Culfada 44 dərəcə isti olub. Ötən il iyul ayının üçüncü ongünlüyündən başlayaraq, avqustun 3-dək ölkə ərazisində güclü istilər olub. Həmin il iyulun 22-də Bakıda 40 dərəcə isti qeydə alınıb”.
O, indiyədək anomal temperaturun qeydə alınmadığını, yay dövrü üçün xarakterik hava şəraitinin müşahidə edildiyini də söyləyib. Bölgələrdə müşahidə olunan hava şəraitinə gəlincə, Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gəncə şəhəri, Qazax, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.