Lənkəranda meşə yanğını

Lənkəran rayonunun Sinovli kəndi ərazisindəki meşədə yanğın baş verib. APA TV-nin məlumatına görə, rayon meşə mühafizəsi və bərpası müəssisəsinin işçiləri, yerli sakinlər,  Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb olunublar. Onların birgə səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və alovun meşə sahəsinə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və ağac yanaraq sıradan çıxıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinin əməkdaşı son zamanlar Lənkəran rayonu ərazisində meşə yanğınlarının məhz yerli bələdiyyələrin səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinin əməkdaşı Bəxtiyar Hüseynov deyib ki, bələdiyyə ərazisində kol-kos yanıb: "Bələdiyyələr bu işdə bir az diqqətli olmalıdır".

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv