Azərbaycanda ilk dəfə “Challenge Tour” qolf turniri keçirilir
Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” keçirilir.
İyulun 31-də start verilən və 4 gün davam edəcək möhtəşəm qolf turniri Qubada yerləşən Quba Milli Qolf Klubunda təşkil olunub.
Turnir 18 dəlikli “Stroke Play” formatında təqdim olunub. Yarışda “European Challenge Tour” tərəfindən Avropa Turnirinin reytinqinə əsasən, 72 ölkədən seçilən 156 oyunçu mübarizə aparır. Turnirə qatılan idmançılar İngiltərə, İsveç, Cənubi Afrika, Estoniya, Finlandiya, Fransa, Pakistan, Hindistan, İspaniya, Almaniya, Argentina və sairə ölkələri təmsil edir. Oyun yalnız peşəkar kişi qolfçular arasında keçirilir.
Açılış mərasimində çıxış edən Qolf Federasiyasının prezidenti Anar Məmmədov bildirib ki, “European Challenge Tour”un rəhbərlik etdiyi mötəbər turnirin Azərbaycanda keçirilməsinin əsas məqsədi ölkəmizi beynəlxalq qolf aləminə təqdim etmək, qolfun inkişafına zəmin yaratmaq, bura dünya səviyyəli oyunçuları dəvət etməklə respublikamızı yeni qolf məkanı kimi təqdim etməkdən ibarətdir.
Turnirin mükafatlandırma mərasimi avqustun 3-də olacaq. Azərbaycan Qolf Federasiyası bütün qolfsevərləri ölkəmizdə ilk dəfə təşkil olunacaq möhtəşəm “Challenge Tour”u izləməyə dəvət edir.