Kamran Əliyev: "Texniki baxış üçün sürücülərə əlavə vaxt verilməyəcək"

Bu gün avtomibillərin texniki baxışı üçün nəzərdə tutulan müddət başa çatır. Texniki baxışdan keçmək üçün verilən müddət 3 ay irəli çəkilib. İndiyə qədər bu müddət oktyabrda bitirdisə, bu ildən avtomobillər avqustun 1-dək texniki baxışdan keçirilməlidir. Bununla bağlı Maştağa qəsəbəsində yerləşən Baş Dövlət Yol Polisinin texniki baxış məntəqəsində sıxlıq yaşanır. Zabrat qəsəbəsindən Maştağaya gedən yolda böyük tıxac yaranıb. APA TV-nin çəkiliş qrupu Baş Dövlət Yol Polisinin texniki baxış məntəqəsində olub. Sıxlıq olmasına baxmayaraq, 12 bölmədən ibarət məntəqədə bir neçə məntəqə işləyirdi. Sürücülərin əksəriyyətinin son günü seçməsi vəziyyəti daha da çətinləşdirib.

 

Baş Dövlət Yol Polisinin şöbə rəisi Kamran Əliyev APA TV-yə deyib ki, sıxlığın yaranmasına və narazılıqların artmasına səbəb sürücülərdir: "Yaranan sıxlıq sürücülərin, avtomobil sahiblərinin bu müddətin sonunda yaxınlaşması ilə bağlıdır. Hələ ilin əvvəlindən nəqliyyat vasitələrinin markaları üzrə texniki baxışdan keçmə müddəti tərəfimizdən elan edilməsinə baxmayaraq, nədənsə sürücülərimiz həmişə bu prosesi ancaq sonuncu gün həyata keçirməyə daha çox üstünlük verirlər. Sözsüz ki, bu da sıxlıqlara səbəb olur".

 

Kamran Əliyev bildirib ki, avtomobillərin texniki baxışı üçün nəzərdə tutulan müddət uzadılmayacaq: "Texniki baxışı hər kəs vaxtından əvvəl də keçirə bilər, amma müddəti ötürməməlidir".

 

Müayinə mərkəzlərində texniki baxışdan keçən sürücülərdən əlavə vəsait alınmasına gəlincə, Kamran Əliyev deyib ki, belə hallar baş verirsə, sürücülərin Baş Dövlət Yol Polisinə müraciət etmələri vacibdir. Hər bir müraciət diqqətlə araşdırılacaq. Şöbə rəisi deyib ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.

 

Müəllif | Apa.Tv