Jurnalist olmağın yolu... - REPORTAJ

Azərbaycanda jurnalist olmaq istəyən tələbələr qabiliyyət imtahanı verib. APA TV-nin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanda  ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər iştirak edib. Komissiyanın sədr müavini Namiq Babayev  bildirib ki, jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib. Onlardan 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 124 nəfərini oğlan, 317 nəfəri qızdır. 394 abituriyent Azərbaycan, 47 abituriyent isə rus bölməsi üzrə imtahan verib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov tələbələrin qabiliyyət yolu ilə seçilməsi bu ixtisas üzrə təsadüfi təhsil almağın qarşısının alınmasına  və jurnalistikada qeyri-peşəkarlığın azalmasına xidmət edəcək: "Bütün bunları nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası bir neçə il əvvəl jurnalistlərin qabiliyyət imtahanın verməsini gündəmə gətirdi. Ötən ilin noyabrın 24-də cənab prezidentlə görüş zamanı biz bu məsələni yenidən qaldırdıq və öz müsbət həllini tapdı".

 

Abituriyentlərə mühakimə, təsvir və təhkiyə xarakterli olmaqla 3 qrupdan ibarət 250 mövzu təqdim edilib. İmtahan Bakı və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə təşkil olunub.

 

Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq, Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndiriləcək. Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndiriləcək.

 

Qeyd edək ki, yazıların qiymətləndirilməsində KİV nümayəndələri, jurnalistika ixtisasını tədris edənlər, dil_ədəbiyyat müəllimləri iştirak edəcək. Sabahdan başlayaraq, yazıların qiymətləndirməsinə başlanılacaq.

 

Müəllif | Apa.Tv