Bakıda özünü körpüdən atmaq istəyən kişi belə xilas edildi
Bakıda 62 yaşlı şəxs özünü körpüdən ataraq intihar etmək istəyib. Hadisə "Koroğlu" metrostnasiyasının yaxınlığında yerləşən körpüdə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polis hadisə yerinə cəlb edilib.
APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, intihar məqsədi ilə körpüyə çıxan şəxs, əslən Qərbi Azərbaycandan olan Yusif Əmirovdur. O, günahsız yerə 14 il həbsdə yatdığını və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq, bu addımı atdığını bildirib.
Yusif Əmirov körpüyə qalxanda özü ilə benzin də götürüb. O, körpünün üstündə özünə od vuracağını deyib.
Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan xilasedicilərinin intihar məqsədi ilə körpüyə qalxan Yusif Əmirovla apardıqları danışıqlar nəticə verib.
Yusif Əmirov fikrindən daşındırılıb. Xilasedicilər xüsusi iplə onu körpüdən endiriblər.
Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ehtiram Xəlilovun sözlərinə görə, intihara cəhd edən şəxsin səhhətində problem olduğundan əməliyyat 1 saatdan çox davam edib. Yusif Əmirov 3 saylı şəhər klinik xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.