Magistralda yarışan 3 "SHACMAN" faciəyə səbəb oldu

Bakı-Şamaxı yolunda 4 maşının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.  APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə yolun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 31 yaşlı Ramil Salayevin idarə etdiyi, özəl tikinti şirkətinə məxsus “SHACMAN” markalı yük maşını ilə şirkətin digər yük maşını - Sumqayıt sakini, 27 yaşlı Vüqar Orucovun idarə etdiyi “SHACMAN” markalı maşınla ötüşərkən qarşı tərəfdən gələn digər bir yük avtomobilinin, Hacıqabul sakini 30 yaşlı Misirxan Cəbrayılovun idarə etdiyi “SHACMAN” markalı maşının yoluna çıxaraq onunla toqquşub. Sonra “SHACMAN” markalı maşınlardan biri yol ilə hərəkət edən “Honda CRV” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobillərin 4-ü də əzilib. Hadisəni törədən “SHACMAN” markalı maşının sürücüsü Ramil Salayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Honda CRV” markalı avtomobilin sürücüsü - 51 yaşlı Tərtər rayon sakini Asif İbrahimov isə  aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov