Cəbhədən acı xəbər: Azərbaycan Ordusu 8 şəhid verib
İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib. İyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
APA-nın əldə etdiyi məlumata görə isə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.
Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstərib. Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, Azərbaycan Ordusu itkilər verib. Məlumat dəqiqləşdirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.