Narkotik əkib-becərən şəxs: "Özüm üçün əkmişdim"

Salyan polisi qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-becərən rayon sakinini saxlayıb. APA TV-nin xəbərinə görə, həmin şəxsin Quyçu kəndində həyətyanı sahəsindən çəkisi 64 kiloqrama yaxın 144 ədəd çətənə kolu aşkarlanıb. Kənd sakini, 40 yaşlı Mübariz Xanəhməd oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Mübariz Cəfərovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib.

 

Aqrotexniki qaydada becərilmiş çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılıb və qurudulmuş marixuana ilə birlikdə şöbəyə gətirilib. İlkin dindirilmə zamanı Mübariz Cəfərov törətdiyi cinayəti etiraf edib: "Yeri şumladım, sonra soğan toxumu kimi səpdim yerə, yavaş-yavaş çıxdı. Sonra başladım qulluq etməyə. Özüm çəkmək üçün əkmişdim".  

 

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı