Ukrayna Ordusunun 21 əsgəri həlak olub
Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində - antiterror əməliyyatının keçirildiyi zonada ağır itki verib. UNİAN agentliyinin verdiyi məlumata görə, Donetsk vilayətinin Şaxtyorsk şəhəri ərazisində terrorçuların “Qrad” qurğularından açdığı ardıcıl atəşlər nəticəsində 21 Ukrayna əsgəri həlak olub.
Atəş nəticəsində həmçinin xeyli sayda yaralananların olduğu bildirilir. Hazırda onları helikopterlərlə Dnepropetrovsk şəhərinə aparırlar.
Ukrayna ordusu və Milli Qvardiyasının son həftələr keçirdiyi əməliyyatlar nəticəsində separatçı-terrorçu qruplaşmalar Donbass regionu ərazisinin böyük hissəsindən sıxışdırılıb.
ATƏT-in rəsmi saytında yer alan məlumata görə, Ukrayna üzrə beynəlxalq təmas qrupunun nümayəndələri ölkənin şərqində atəşkəsin şərtlərini açıqlayıb. İlk şərt qrupun nümayəndələri girovların azad edilməsi və Ukrayna-Rusiya sərhədinin möhkəmləndirilməsidir.
Bu arada Avropa İttifaqı Rusiyanın 5 bankına qarşı sanksiyalar tətbiq edib. Qurumun bildirdiyinə görə, Avropa bazarlarına Rusiyanın çıxışının məhdudlaşdırılması onsuz da zəif Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək.
28 üzvlü blok Sberbank, Qazprombank, Rosselxozbank, Vneşkonombank və VTB Bankına qarşı sanksiyaların tətbiq edildiyini bu gün elan edib.
Rusiyanın dövlət banklarının 21 milyard dollar məbləğində borcu var. Rusiya iqtisadiyyatına daha bir zərbə insan hüquqları məhkəməsi tərəfindən vurulub. Məhkəmə Yukos neft şirkətinin sabiq səhmdarlarına 2.5 milyard dollar ödəməsinə dair hökm çıxarıb.