Rusiyada azərbaycanlılardan ibarət daha bir dəstə zərərsizləşdirildi
Rusiyanın Noyabrsk şəhərində yanacaq oğurlayan və onu ölkənin digər regionlarına satan azərbaycanlılardan ibarət dəstə yaxalanıb. İlkin araşdırmaya əsasən cinayət 2013-cü ilin sentyabrından törədilib.
APA TV-nin xəbərinə görə, 5 azərbaycanlıdan ibarət cinayətkar qrup iyulun 29-da zərərsizləşdirilib. Rusiya Daxili İşlər Nazirliyinin Yamala-Nenets Muxtar Dairəsi üzrə şöbəsinin məlumatına əsasən qrup üzvləri podratçı şirkətin işçilərinin köməyi ilə yanacağı oğurlayıb əvvəlcədən müəyyənləşdirilmiş xüsusi yerdə saxlayıblar. Münasib vaxtda isə yanacaq qonşu regionlara daşınıb və satılıb. Karamovsk məntəqəsini keçərkən isə onlar mazut daşımaları ilə bağlı saxta sənəd təqdim ediblər.
Benzinin saxlanıldığı yerə baxış keçirilən zaman Xantı-Mansiysk Muxtar Vilayətinə daşınması planlaşdırılan 50 ton yanacaq, pul, saxta fakturalar müsadirə edilib.
Faktla bağlı cinayət işi başlanıb. Şirkətə dəyən zərər 10 milyonlar rubldan çox hesablanır. Şirkətin cinayətdə iştirak edən işçilərinin aşkar edilməsi istiqamətində də iş aparılır.