Azərbaycan DİN: Gürcü azərkeşlər stadionda təxribata cəhd ediblər
Daxili İşlər Nazirliyi (DİN) iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda azarkeşlər arasında baş verən qarşıdurma ilə bağlı açıqlama yayıb. APA TV-nin xəbərinə görə, bildirilir ki, Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşun əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.