Qəbələdə Yohannesburq Simfonik Orkestrinin konserti olub
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də festivalın proqramına uyğun olaraq Yohannesburq Simfonik Orkestrinin konserti olub. APA TV-nin yerli bürosunun xəbərinə görə “Yulian Raxlin və onun dostları” Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə keçirilən konsertdə Yohannesburq Simfonik Orkestri Rusiya və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya orkestrin müşayiəti ilə Raxmaninovun, Mendelsonun, Mosartın və digər dünya şöhrətli bəstəkarların əsərlərindən parçalar ifa edib.
Öz mükəmməl ifası ilə Oksana Yablonskaya Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gələn turistlərə unudulmaz anlar bəxş edib. Konsert böyük maraqla qarşılanıb.