Müdafiə Nazirliyindən 8 şəhidimizlə bağlı İLK AÇIQLAMA
Müdafiə Nazirliyi cəbhədə həlak olan şəhidlərin sayını açıqlayıb. APA TV-nin xəbərinə görə, Nazirliyin yaydığı açıqlamada bildirilir ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın edib.
Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edib.
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!