Şəhidlərin dəfnində ürək dağlayan görüntülər
Dünən ermənilərin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilərdən daha biri - İbrahimov Elnur Məhyəddin oğlu dəfn edilib. APA TV-nin məlumatına görə, şəhid Elnur İbrahimov Qubanın Vladimirovka kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin cənazəsi qulluq etdiyi hərbi hissənin rəhbərliyinin müşayiəti ilə altı ay əvvəl hərbi xidətə yola salındığı evinə gətirilib.
Şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə mərhum hərbçinin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağdam istiqamətində şəhid olan hərbçilərdən 19 yaşlı Səftər Əlihüseyn oğlu Məmmədov isə Salyan rayonunda torpağa tapşırılıb.
Şəhid doğulduğu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.
Səftər Məmmədov ailənin yeganə oğlu, 3 bacının kiçik qardaşı olub.
Cəbhə xəttində şəhid olan Xaçmaz rayon sakini, 18 yaşlı Əlicoşqunov Mustafa Əhməd oğlu avqustun 1-i axşam saatlarında Yeni Həyat qəsəbəsində torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon hüquq mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi Masallı rayonuna aparılıb. Şəhid əsgər Köçəkli kənd qəbirsanlığında torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı Rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanı nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Əli Rəhimov bir il öncə hərbi xidmətə çağırılıb.