Cəbhə xəttində daha bir gərgin gecə: yeni yaralılar var

Cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edir. APA TV-nin Qarabağ bürosunun verdiyi məlumata görə, düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, həmçinin Ağdam rayonunun Ergi düzü adlanan ərazisi boyu - işğal altında olan Yusifcanlı, Mərzili və Novruzlu kəndləri istiqamətində yerləşən mövqelərindən iriçaplı silahlardan istifadə edərək Azərbaycan ordusunun mövqelərini şiddətli atəşə tutub. Məlumata görə, düşmənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın 3 əsgəri yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. 

 

Bundan başqa, Ermənistan ordusu Ağdamın işğal altında olan Güllücə kəndi istiqamətində yerləşən mövqelərindən də Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Cəbhənin bu istiqamətində də yaralıların olduğu bildirilir. Qeyd edək ki, düşmən  Azərbaycan ordusunun şiddətli cavab atəşindən təşvişə düşərək, təmas xəttinə nəzarət məqsədilə cəbhəboyu tez-tez işıqlandırıcı vasitələrdən (fişənglərdən) istifadə edir.

Müəllif | Apa.Tv