Ukraynada öldürülən azərbaycanlı biznesmenin meyiti yandırıldı!
2 gün əvvəl Luqansk vilayətindəki Kamenko kəndində separatçılar tərəfindən öldürülən azərbaycanlı diaspor nümayəndəsi Telman Cəfərovun meyiti avtomobilində yandırılıb. Bu barədə Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA TV-yə məlumat verib. Telman Cəfərovla birlikdə separatçıların atəşinə məruz qalan digər 3 azərbaycanlının tapıldığını deyən diaspor rəhbəri bu barədə məlumatı da onlardan aldığını bildirib.
"Onun maşınını yandırıblar. Özünün olduğu maşını. Səhv etmirəmsə, meyit də onun içində yanıb. Onlar özləri gözləri ilə görüblər ki, maşını yandırıblar".
Rasim Uğurluyevin sözlərinə görə, atışmadan xilas olmuş azərbaycanlıların da vəziyyəti o qədər ürəkaçan deyil.
"Onlar o maşından 200 metr aralıda elə bir zonadadırlar ki, nə irəli gedə bilirlər, nə də geri. Həmən zonanın da adı Kamenko kəndidir. Sağ olanın qardaşı zəng elədi ki, onların hamısı sağdır. Ancaq yaralı olub-olmadıqlarından xəbərimiz yoxdur".
Diaspor rəhbəri Azərbaycanın Ukraynadakı səfirliyinin hadisə ilə bağlı hələ heç bir məlumat vermədiyini bildirib.