Zaqatalada güclü yanğın olub

Zaqatalada yanğın hadisəsi qeydə alınıb. APA TV-nin  məlumatına görə, yanğın rayonun Masex və Danaçı kəndlərinin inzibati ərazisinin həmsərhəddində sakinlərə məxsus, 12 hektar fındıq bağında və fındıq bağına bitişik 20 hektar quru ot sahəsində qeydə alınıb. Hadisə yerinə  Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafisə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində  fındıq bağının 1 hektar ərazisi və quru ot sahəsinin  2 hektar ərazisində quru ot və 0,5 ərazisində kol-kos yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində fındıq bağının və quru ot sahəsinin qalan hissəsi yanğından mühafisə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Fakla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov