İŞİD-in gündəlik gəliri açıqlandı! Terrorçular milyonları necə qazanır?
İŞİD İraqın Zumar yaşayış məntəqəsində daha 2 neft yatağını ələ keçirib. APA TV-nin məlumatına görə, bu barədə İraq Milli Xəbər Agentliyi xəbər yayıb. Adı gedən ərazidə sutkada 20 min barelədək neft hasil olunur. Silahlılar həmçinin Mosul şəhərinin şimalında yerləşən bir neçə iri infrastruktur obyektləri ələ keçirməyə cəhd edib. Qızğın döyüşlər nəticəsində 100-dən çox terrorçu öldürülüb, 38-i saxlanılıb. Kürd özünümüdafiə dəstələrinin itkiləri 16 nəfər təşkil edib. Bundan başqa, döyüşlərdə 30 polis, 11 hərbçi və könüllülərdən ibarət “Əsaib Əhl əl-Haq” dəstəsinin 12 üzvü həlak olub. Qeyd edək ki, son məlumatlara görə, terror qruplaşması ələ keçirdiyi neft yataqlarından hər gün orta hesabla 3 milyon dollar gəlir əldə edir. Bu barədə "ABC News" telekanalına müsahibəsində Dubayda fəaliyyət göstərən INIGMA Analitik Mərkəzinin tədqiqat layihələrinin rəhbəri, enerji məsələləri üzrə tanınmış ekspert Robin Mils bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl yayılan açıqlamada bildirilmişdi ki, İŞİD neftin satışından hər gün 1 milyon gəlir əldə edir. Milsin sözlərinə görə, bu məbləğə yalnız İraq ərazisindəki neft yataqlarından əldə olunan gəlirlər daxildir. “Qeyd olunan məbləğə terrorçuların Suriya ərazisindəki neft yataqlarından əldə etdiyi gəlirləri də əlavə edildikdə, İŞİD-in gündəlik ümumi gəlirləri 3 milyon dollar təşkil edir” deyə ekspert vurğulayıb.