Hərbi hissənin komandir müavini: "Düşmən son iki gündə çoxsaylı itki verib"

Tərtər rayonunun təmas xəttinin yaxınlığında yerləşən Qapanlı kəndinin boşaldılması barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə APA İnformasiya Agentliyinin Tərtərə ezam olunmuş əməkdaşı Rəşad Süleymanov bildirib. Hazırda Qapanlıda olan əməkdaşımızın sözlərinə görə, əhali kəndi tərk etməyib, kənd gündəlik, adi həyatını yaşayır. Kənd camaatı yayılan xəbərlərin yalan olduğunu və təxribat xarakteri daşıdığını bildiriblər. Bu gün ərazisinin müdafiəsinə məsul olan hərbi hissənin komandir müavini Zaur Rüstəmov kənd sakinləri ilə görüşüb. Zaur Rüstəmov bildirib ki, ötən gecə ciddi gərginlik və düşmənin diversiya-təxribat həmlələri qeydə alınmayıb. O bu faktı əvvəlki günlər ərzində hücum cəhdlərinin qarşısı alınarkən düşmənin çoxsaylı itki verməsi ilə əlaqələndirib.

Qapanlı kənd bələdiyyənin sədri Lətif Həmidov da APA-nin əməkdaşına bildirib ki, son günlər Qapanlı istiqamətində gərginlik artsa da, heç kim kəndi tərk etməyib.

Müəllif | Apa.Tv
Apa.tv