Tərtər istiqamətində diversiya törətməyə hazırlaşan 40 erməni hərbçisi məhv edilib - EKSKLÜZİV
Erməni silahlı bölmələrinin gizli düşərgəsini aşkarlayan hərbçilərimiz qəfil zərbə ilə düşməni darmadağın ediblər. Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı birləşmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub. APA-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşı Rəşad Süleymanov ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərdən eksklüziv məlumatlar əldə edib.
"Avqustun 2-nə keçən gecə düşmən Tərtərin Həsənbəyli kəndində ağır tələfata uğradılıb. Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar. Hərbiçilərin keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib. Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Həmin hadisə zamanı təəssüf ki, Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib".
Əməkdaşımız bildirib ki, Tərtər rayonunun təmas xəttinin yaxınlığında yerləşən Qapanlı kəndinin əhalisinin kəndi tərk etməsi barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir. Hərbçilərdən əldə olunan məlumatlara görə, ermənilər hazırda işğal altında olan ərazilərimizdən Qapanlı kəndi istiqamətində bütün yolları bağlayıblar. Ermənilərin məskunlaşdığı cəbhəyanı kəndlərdə təşviş müşahidə olunur.
Ağdərə istiqamətinə gedən yolda mülki nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Hərbiçilər söylədilər ki, qarşı tərəfdə ermənilər uzaqlıqda post qoyublar. Ərazidən çıxan və gələn nəqliyyat vasitələrinə nəzarət edirlər. Bu onu göstərir ki, cəbhə xəttinin yaxınlığındakı erməni kəndləri baş verən hadisədən təşvişə düşüb və onların cəbhənin daha dərinliklərindəki yerlərə köçü başlayıb”.