Medallar şəhidlərin valideynlərinə təqdim olundu
Ermənilərlə döyüşdə şəhid olan Salyan rayonundan hərbi xidmətə çağrılan əsgər Səftər Məmmədovun ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib. APA TV-nin xəbərinə görə, medal şəhidin atası Əlihüseyn Məmmədova verilib. Şəhidin valideynləri övladı ilə fəxr etdiyini bildirib. Şəhid olan digər hərbiçi Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov da ölümündən sonra " Həqiqi hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla" təltif edilib. Quba rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin qatıldığı tədbirdə Müdafiə Nazirliyinin hüquq şöbəsinin müdiri Rauf Kişiyev medalı şəhidin atasına təqdim edib. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə avqustun 3-də "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, 12 hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə " 3-cü dərəcəli medal ilə təltif ediliblər. Müdafiə nazirinin göstərişinə əsasən, avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil ediləcək.