Gədəbəydə ermənilər 14 yaşlı qızı vurdular - YENİLƏNİB
Cəbhə xəttində ötən gecə də sakit keçməyib. APA TV-nin cəbhə rayonlarına ezam olunmuş müxbirlərinin verdikləri məlumata görə, Ermənistan ordusunun hissələri müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutublar.
Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində sol ayağından yaralanıb. Gədəbəy rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyevanın sol ayağında əməliyyat aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 9-cu sinifdə oxuyan Ş. Tağıyeva həyətdə oturarkən düşmən gülləsinə tuş gəlib.
Ermənilər Tovuzun Əlibəyli kəndini də atəşə tutublar. Kənd sakinlərinin APA TV-yə verdikləri məlumata görə, saat 00.45 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin hissələri kəndi avtomat və pulemyotlardan, həmçinin iriçaplı silahlardan atəşə tutmağa başlayıblar. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açırlar. Xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Ötən gecə cəbhənin Ağdam istiqamətində də atəş səsləri eşidilib. Erməni hərbçilər Ağdamın Baş Qərvənd kəndini iriçaplı silahlardan 20-25 dəqiqə ərzində atəşə tutublar. Azərbaycan Ordusunun hissələri düşmənə cavab veriblər.