Korpus komandiri Rövşən Əkbərov: 71 düşmən hərbçisi məhv edilib!

Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan 37 yaşlı giziri Almazov İsə Ziyad oğlu müdafiə naziri Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. APA-TV-nın məlumatına görə, medalın təqdimatı onun doğulduğu və dəfn olunduğu kənddə - Qazax rayonun Cəfərli kəndində təşkil edilib. Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Şəmkir korpusunun komandiri, general-leytninat Rövşən Əkbərov, rayon içtimayətinin nümayəndələri iştirak ediblər. Rövşən Əkbərov İsə Almazovun Vətənini sevən bir gizir olduğunu və hərbi xidmətdə fərqləndiyinə görə bir neçə dəfə mükafatalara layiq görüldüyünü bildirib. Korpus komandiri İsə Almazovun atasına və ailə üzvlərinə başsağlığı verərək, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin 11 yaşlı oğlu Şahvələd Almazova təqdim edib. Rövşən Əkbərov şəhidlərinin qanının yerdə qalmayacağını, Ali baş komandanın əmri olarsa, işğal altındakı ərazilərimizin düşməndən hərbi yolla azad ediləcəyini bildirib. Korpus komandiri cəbhə boyu hücuma keçən düşmənə layiqli cavab verildiyini, onlarınb 5-6 postunun darmadağın olunduğunu, 71 əsgərinin məhv edildiyini bildirib.

Şəhidin yaxınları ailələri adından ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəhidin qardaşı Musa Almazov qardaşının şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini deyib.

Tovuzda şəhid əsgər Vüqar Poladov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Hərbi xidməti başa vurmağa 60 gün qalmış şəhid olan 19 yaşlı Vüqar Poladov da düşmənin həmləsinin qarşısını alarkən qəhrəmancasına həlak olub. Poladovlar ailəsinin sonbeşiyi olan gənc, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra medalla təltif edilib. Atası Hidayət Poladova şəhidin medalını general-leytenant Rövşən Əkbərəv təqdim edib.

Cəbhənin Ağdam istiqamətində şəhid olan 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ailəsinə Masallı rayonunun Köçəkli kəndində təqdim edilib. Mərasimdə respublika Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər səlahiyyətli qurumların nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri, ağsaqqallar və ziyalılar iştirak ediblər. Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani şəhid Əli Rəhimovun təltif olunduğu medalı onun qardaşı Zakir Rəhimova təqdim edib.

Mərasim şəhidin məzarının ziyarət edilməsi ilə başa çatıb.

Qeyd edək ki, avqustun 1-nə keçən gecədən Ermənistan ordusunun hissələrinin hücumlarının qarşısı alınarkən ordumuzun 12 hərbçisi qəhrəmancasına şəhid olub.

Müəllif | Apa.Tv
Apa.tv