Göyçayda 17 yaşlı oğlan su kanalında boğularaq ölüb
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay rayonunun Kürdşaban kəndi ərazisində qeydə alınıb. Kürdşaban kənd sakini, 1997-ci il təvəllüdlü Allahverdiyev Şamil Azər oğlu yolun kənarında avtobus gözləyərkən əlini yumaq üçün Yuxarı Şirvan kanalının qolu olan Qaracallı kanalının kənarına yaxınlaşıb və ehtiyatsızlıq səbəbindən onun ayağı sürüşərək suya düşüb. O, üzməyi bacarmadığı üçün kanalda boğularaq ölüb. Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir Dalğıc Axtarış Qrupunun əməkdaşları cəlb edilib. 17 yaşlı oğlanın meyidi suya düşən yerdən 4 kilometr aralıda, Göyçayın Mollahacılı kəndi ərazisindən tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.