Magistraturaya boş qalan plan yerlərinə qəbul başladı

Bu gündən Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA TV -yə verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul martın 2-də və mayın 25-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunub qeydiyyatdan keçən bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 4 avqust saat 10.00-dan 11 avqust saat 10.00-dək TQDK-nın internet saytına daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv