Qubada keçirilən “Challenge Tour” beynəxalq qolf turnuru başa çatıb
Azərbaycan Qolf Federasiyası və “European Tour”un təşkilatçılığı ilə Qubada keçirilən Challenge Tour beynəlxalq qolf yarışması başa çatıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov Qubada yarışda iştirak edən bütün qolfçulara öz təşəkkürünü bildirib. Onun sözlərinə görə, Challenge Tour yalnız başlanğıcdır və gələcəkdə Azərbaycanda qolfla bağlı geniş və əhəmiyyətli tədbirlər keçiriləcək.
“Dəvətimizi qəbul edərək, Qubada turnirə qatılan bütün qolfçulara öz təşəkkürümü bildirirəm. Çox gözəl oyun alındı. Ümid edirəm ki, Qubadakı Milli Qolf Klubunda təkcə “European Challenge Tour” deyil, həm də qolf üzrə digər beynəlxalq yarışlar da baş tutacaq”.
Daha sonra çıxış edən “European Tour”un prezidenti Allan de Soltre Azərbaycanın “Challenge Tour”un keçirildiyi 45-ci ölkə olduğunu vurğulayıb və yarış haqqında təəssüratlarını bölüşüb:
“Azərbaycanın 2 yaşlı Qolf Federasiyası yarışın keçirilməsi üçün böyük işlər görüb və buna görə, bütün bu işlərin təşkilatçısı cənab Anar Məmmədova dərin təşəkkürümü bildirirəm. Göstərdiyiniz dəstəyə görə sizin hər birinizə çox sağ olun deyirəm. Azərbaycanın Qolf Federasiyası, Qubadakı Milli Qolf Klubu doğrudan da fantastik bir iş gördü”
Daha sonra isə Azərbaycanda keçirilən “Challenge Tour”un qaliblərin mükafatlandırılması baş tutub.
Yarışda 4-cü yeri İngiltərən olan Stiven Braun, 3-cü yeri digər ingiltərəli Endrü Conson, 2-ci yerin sahibi fransalı qolfçu Maykl Lorenso olub.
Yarışın əsas mükafatını isə bu il üçüncü qələbəsini qeyd edən almaniyalı qolfçu Morits Lampert qazanıb.
Daha sonra mikrofon qarşısına keçən Morits Lampert belə bir möhtəşəm yarışın keçirilməsinə görə Azərbaycan Qolf Federasiyasına, yarışda təşkilatçılara dəstək olan könüllülərə öz dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı təntənəli keçirilməsi planlaşdırılan bağlanış mərasimi ləğv olunub. Azərbaycan Qolf Federasiyasının rəhbərliyi və əməkdaşları şəhid olan əsgərlərimizin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı və səbir diləyir.