Məktəblilər "Şahinlər" yay istirahət düşərgəsinə yola salınıb

Məktəblilər növbəti dəfə yay düşərgəsinə göndərilib. Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, DİN Daxili Qoşunlar Komandanlığı və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında 9-cu dəfə keçirilən "Şahinlər" yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib. Tədbirə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 250-dən çox nəfər yeniyetmə qatılıb. Yolasalma mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov yeniyetmə və gənclərimizin sağlam böyüməsi, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb. Avqustun 18-də Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulub. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaq.

Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri , Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunub. 

Müəllif | Apa.Tv
Apa.tv