Rumıniya səfiri: “NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir”
"Azərbaycan və NATO arasında sıx əməkdaşlıq Qara dəniz və Xəzər dənizi regionunda sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir". Bu fikirləri Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu “NATO-nun 2014-cü il Uels sammiti: Proqnozlar və perspektivlər" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, NATO və Avropa Birliyinin bir üzvü olan Rumıniya Azərbaycanın Avropa və Avroatlantik institutlarla əlaqələrinin genişlənməsinə aktiv dəstək verməyə hazırdır.
"Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır. Azərbaycanın Əfqanıstanda İSAF əməliyyatlarına dəstəyi və beynəlxalq antiterror kampaniyasına mühüm töhfə verməsi NATO üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın İSAF əməliyyatlarına verdiyi maliyyə və hərbi dəstək Azərbaycanın NATO ilə praktik əməkdaşlığının və regionda təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi fəaliyyətinin göstəricisidir. NATO bunu çox yüksək qiymətləndirir".
Azərbaycanın NATO ilə əlaqələrinin vacibliyini vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva isə bildirib ki, konfransın təşkilində məqsəd Uels sammiti ilə bağlı gözləntiləri müəyyənləşdirmək və elan etməkdir. Tədbirdə NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb.