Orxan Zeynalov barədə hökmdən şikayət verildi!
Azərbaycan vətəndaşı Orxan Zeynalov haqqında Moskva şəhər məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verilib. APA TV-nin məlumatına görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Apellyasiya şikayəti verildiyinə görə, Orxan Zeynalov haqqında çıxarılan məhkəmə hökmü hələlik qüvvəyə minmiş sayılmır.
Qeyd edək ki, Moskva şəhər məhkəməsinin iyulun 28-də çıxardığı hökm əsasında Orxan Zeynalov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il azadlıqdan məhrum edilib. Bundan başqa o 85 min dollar cərimə olunub. Orxan Zeynalov Moskvanın Qərbi Biryulevo rayonunda şəhər sakini Yeqor Şerbakovu qətlə yetirməkdə ittiham olunub. Bu hadisə Rusiya paytaxtında iğtişaşlara səbəb olub.