Məhkəmə İmran Cəfərzadənin ailəsinə 70 min manat təzminat ödənməsinə qərar verdi
Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərə hökm oxunub. Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib. Bundan əlavə, məhkəmə Ramiz Əhmədovun və CTF şirkətinin zərərçəkmişə 70 min AZN ödəməsi barədə qərar çıxarıb. Eyni zamanda, məhkəmə R. Əhmədovun dövlət büdcəsindən yayındırdığı 2551.72 manat dövlət büdcəsinə ödənilməsi barədə də qərar qəbul edib.
Qeyd edək ki, İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.