Azərbaycan Prezident Administrasiyasının rəhbər müavini yol qəzasında yaralanıb

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev avtomobil qəzasına düşüb. APA TV-nin məlumatına görə, hadisə Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində qeydə alınıb. Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfdən gələn Prezident Administrasiyasına məxsus BMW markalı xidməti maşınla toqquşub. Nəticədə “BMW”də olan Zeynal Nağdəliyev və “VAZ 21015” markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən məlumata görə, çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Zeynal Nağdəliyev helikopterlə Bakı şəhərinə göndərilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv