Azərbaycan prezidenti cəbhə xəttində olub

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonuna səfər edib. APA TV-nin məlumatına görə, Dövlət başçısı Ağdam rayonunun müvəqqəti inzibati mərkəzi olan Quzanlı qəsəbəsinə gəlib, yerli sakinlərlə görüşüb. Ali Baş Komandan ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış olub, hərbçilərlə görüşüb. Hərbçilər qarşısında çıxış edən prezident ermənilərin son günlər həyata keçirdikləri intensiv hücumların qarşısının alınmasında Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənə layiqli cavab verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını qeyd edib.


Ali Baş Komandan İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfəri zamanı Ağdamdakı “N” saylı hərbi hissədə olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısını məlumatlandırıb.

Sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib. Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.

 

Müəllif | Apa.Tv