İş adamı Telman Cəfərovun ailəsi: “Öldüyünü deyirlər, amma necə ölüb ki, telefonuna zəng çatır?”
Ukraynanın Luqansk vilayətinin Kamenko kəndində itkin düşən azərbaycanlı Telman Cəfərovun ailəsi Ukraynanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. APA TV-nin məlumatına görə, ailə üzvləri iş adamı Telman Cəfərovun sağ olub-olmaması barədə məlumat əldə edə bilmədiklərini deyiblər. Onunla birlikdə Kamenko kəndində girov götürülən və daha sonra qaçmağa müvəffəq olan Mahir, Nurəddin və Eldar adlı azərbaycanlıların sözləri isə onları qane etməyib. Dayısı Sabir Novruzov onun öldüyünə inanmadıqlarını deyir.
“İyunun 30-da məlumat aldıq ki, guya Telman separatçılar tərəfindən snayperlə vurulub. Yanında 3 adam olub. Guya onlar da yaralanıb. Bu adam ölübsə, telefon iki sutkadan sonra şarjı ölür, ona zəng çatmamalıdır. Amma bunun telefonuna zəng vururuq, çağırır, amma götürmür. Ya da məşğul göstərir”.
Ailə son ümid yeri kimi Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib. Amma onların bu məsələ ilə bağlı səfirliyə gəlməsi birinci dəfə deyil.
"O, Ukrayna vətəndaşıdır. 4-cü dəfədir buraya gəlirik. Biri deyir ölüb, dəfn olunub. Sən onun ailəsinin xəbəri olmadan necə dəfn edə bilərsən? Morq var, qoy oraya”.
Qardaşlarının itkin düşməsindən 1 həftədən artıq keçdiyini deyən Telman Cəfərovun bacıları da Ukrayna hökumətindən bu məsələ ilə bağlı daha yaxından maraqlanmağı və onlara bir məlumat verməyi xahiş edirlər.
“Ukrayna səfirliyindən xahiş edirəm, qardaşımın ya ölüsünü, ya da dirisini bizə çatdırsın. Çox acı çəkirik. Artıq 8 gündür heç bir məlumat almırıq”.
Səfirliyin konsulluq şöbəsinin rəhbəri Vitali Kramarenko səfirin hazırda diplomatik nümayəndəlikdə olmadığını, gələn kimi ailənin müraciətini dərhal ona çatdıracağını deyib.
“Mən əlimizdən gələni edəcəyimizə söz verirəm. Bir məlumat alan kimi dərhal sizə çatdıracağıq”.
Telman Cəfərovun yaxınları Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət ediblər. Onlar bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin də qarşısına toplaşaraq məlumat almağa çalışıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məsələnin nazirliyin diqqətində olduğunu deyib. Onun sözlərinə görə, lakin Luqanskda hazırda döyüşlər gedir və belə bir şəraitdə Telman Cəfərovun özünü və ya meyitini tapmaq çətindir.
“Telman Cəfərovun axtarışı davam edir. Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinin xətti ilə müvafiq beynəlxalq təşkilatlara müraciət edib. Həmin beynəlxalq təşkilatlar vasitəsi ilə həmin şəxsin axtarışlarını davam etdiririk”.
Elman Abdullayev qeyd edib ki. səfirlik onun qohumları ilə daim əlaqədədir və əldə etdiyi məlumatları olduğu kimi onun qohumlarına təqdim edir.
Xatırladaq ki, iyulun 30-da iş adamı Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən pulemyotla atəşinə məruz qalıb. Hadisə Kamenko kəndi yaxınlığında baş verib. Məlumata görə, Telman Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyərkən hücuma məruz qalıblar.