Rusiya hava məkanını Ukrayna üçün bağladı
Rəsmi Moskva Ukrayna aviaşirkətlərinin Rusiya ərazisindən istifadə etməklə bir sıra ölkələrə tranzit reyslərini qadağan edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, Rusiya Ukrayna aviaşirkətlərinin Rusiya Federasiyasının hava məkanı vasitəsilə Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə tranzit reyslərini dayandırır.
Qeyd edək ki, hazırda Avropa şirkətlərinin Rusiya ərazisi üzərindən Asiya ölkələrinə uçuşunu məhdudlaşdırmaq məsələsi də Kremldə müzakirə olunur.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərli APA TV-yə açıqlamasında bildirib ki, Rusiyanın verdiyi qərar təsdiqini taparsa, AZAL-ın reysləri üçün heç bir maneə yarana bilməz. Belə ki, sözü gedən istiqamətdə alternativ yollar mövcuddur: "Rusiya Ukraynadan gələn uçuşları öz sərhədləri üzərindən qadağan etsə də, bizim alternativ yollarımız var. Bu isə Qara dənizi keçməklə Türkiyənin şimalından Azərbaycana gəlməkdir. Eləcə də eyni istiqamət üzrə geriyə Azərbaycan - Türkiyənin şimalı - Qaradəniz - Ukrayna xəttindən istifadə edə bilərik".