Saatlıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
Saatlıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza ötən gün rayonun Novruzlu kəndi ərazisindən keçən yerli əhəmiyyətli yolda baş verib. Sabirabad sakini Allahyar Məlikov “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil aşaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı sərnişinlərdən Məlikov Heydər Həbib oğlu və Məlikov Ramin Bilal oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin Əbilov Əhməd Hacı oğlu isə müxtəlif dərəcli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.