Şüvəlanda dənizdə batan uşaqlardan sonuncusunun meyiti də tapıldı

İki gün əvvəl Şüvəlanda dənizdə batmış 5 azyaşlı uşaqdan sonuncusunun meyiti sudan çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, qadağan olunmuş ərazidə batan 6 yaşlı Farizin meyiti bu gün səhər saat 07.44 radələrində batdığı yerdən 5 km kənarda dəniz sahilində aşkar edilib və xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. 

 

Qeyd edək ki, avqustun 6-da axşam saatlarında  Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Kəmalə Qafil qızı Məmmədova, onun bacısı 9 yaşlı İlgün Qafil qızı Məmmədova, qardaşı 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı  Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev batıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.

 

Müəllif | Apa.Tv
Apa.tv