TQDK sədri: “Ali məktəblər oxumayan tələbələri xaric etmək əvəzinə...”
Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Komissiya sədrinin sözlərinə görə, bu il qəbul imtahanı zamanı 500-dən yuxarı bal toplayan və müəllimlik peşəsini seçən abituriyentlərə xüsusi təqaüd veriləcək. Həmin tələbələrin siyahısı dərs ilinin əvvəlində Təhsil Nazirliyinə təqdim ediləcək.
TQDK sədri qəbul imtahanlarında müsabiqəyə buraxılış balının aşağı salınmasının təhsilin keyfiyyətinə təsir edəcəyi barədə fikirləri də cavablandırıb. Məleykə Abbaszadə hesab edir ki, qəbul imtahanlarında aşağı bal toplayaraq ali məktəbə qəbul olan tələbələrin əksəriyyəti həmin ali məktəblərdə yüksək nəticələr göstərə bilmirlər. Bu zaman həmin təhsil müəssisələri onları ali məktəbdən xaric etmək əvəzinə həmin tələbələrin buranı bitirməsinə və savadsız kadr kimi cəmiyyətə buraxılmasına şərait yaradır.
“Aşağı balla ali məktəblərə qəbul olan tələbələrin əksəriyyəti özəl ali məktəblərə qəbul olurlar. Apardığımız araşdırmalar göstərir ki, həmin tələbələr semestr imtahanlarında da yaxşı nəticələr göstərə bilmirlər. Bu zaman həmin ali məktəblər onları müəssisədən xaric etmirlər, əksinə. Onlar üçün bu tələbələrin təhsil haqqı ödəyərək ali məktəbi başa vurmaları daha mənfəətlidir. Onlar belə tələbələri xaric etməlidirlər”.
Məleykə Abbaszadənin sözlərinə görə, elə abituriyentlər var ki, 600 baldan çox nəticə göstərib, lakin heç bir yerə ərizə verməyib. Belə tələbələrin xarici ölkələrin ali məktəblərinə sənəd verəcəyi ehtimal olunur.
TQDK sədri həmçinin gələn ildən qəbul imtahanlarında yenilik ediləcəyini bildirib.
“Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər orta təhsil müəssisələrinin buraxılış imtahanlarında topladıqları ballar əsasında seçdikləri ixtisasa qəbul olunacaqlar. Bu zaman orta məktəblərdə buraxılış imtahanları bir qədər çətinləşəcək. Onlar daha bir fəndən də imtahan verməli olacaqlar”.
Bu il jurnalistika fakültəsinə qəbul üzrə keçid balının 351-369 olduğunu deyən komissiya sədri bildirib ki, TQDK gələn il qaydalarda müvafiq dəyişikliklər etməyə hazırlaşır.