Lənkəranda avtokran “Kia Rio” ilə toqquşdu, alışan maşında bir nəfər yanaraq öldü

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının 196-cı kilometrliyində, Salyan rayonunun Göyşaban kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 24 yaşlı Cavid Nurəli oğlu Qəmbərovun idarə etdiyi “Kia Rio” markalı, 42 BP 418 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan “AZENKO” şirkətinə məxsus, Neftçala rayon sakini, 25 yaşlı Ayaz Hacıyevin idarə etdiyi “KamAZ” markalı, “90 JN 632” dövlət nömrə nişanlı avtokranla toqquşub. Güclü zərbə nəticəsində “Kia Rio” yanğına məruz qalıb, maşındakı sərnişinlərdən Lənkəran şəhər sakini, 20 yaşlı Lətafət Aslan qızı Əlizadə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü və daha 2 sərnişin - Lənkəran şəhər sakinləri, 28 yaşlı Gülər Rövşən qızı Kərimova və 29 yaşlı Füqanə Etibar qızı Zeynallı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Avtomobildə baş verən yanğın yoldan keçən şəxslərin müdaxiləsi ilə lokallaşdırılıb.


Qəzanın “Kia Rio”nun düzgün manevr edə bilməməsi nəticəsində “KamAZ”ın yoluna çıxması səbəbindən törədildiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə ekspert rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv