Amerikalı həmsədr: “Həlak olan əsgərin ailəsinə izah edə bilməzsiniz ki, münaqişə dondurulub”
“Təəssüf ki, regionda baş verən silahlı toqquşmalar Dağlıq Qarabağ münaqişəsinin artıq “dondurulmuş” münaqişə olmadığını göstərir. Siz həlak olan və ya yaralanan əsgərin ailəsinə izah edə bilməzsiniz ki, bu münaqişə dondurulub”. Bu sözləri “Amerikanın səsi” radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Diplomat yaranmış vəziyyətdən çox narahat olduqlarını və situasiyanın yumşaldılması üçün dərhal zəruri addımlar atılmasının zəruriliyini vurğulayıb: “İlk addım prezidentlərin Soçidəki görüşüdür və mən ümid edirəm ki, bu görüş silahlı toqquşmaların qarşısını almağa imkan verəcək”.
Tərəflərin sülh danışıqlarına hazır olub-olmaması barədə suala C. Uorlik belə cavab verib: “Sizi əmin edə bilərəm ki, hər iki prezidentlə söhbətdən sonra tərəflərin məsələnin sülh yolu ilə həlli yolunu tapmaq istədikləri qənaətinə gəlmişəm. Biz sülh danışıqlarının uğurlu gedişinə hər cür dəstək verməliyik və prezidentlərin buna hazır olması da vacibdir. Bizim prosesin inkişafı ilə bağlı gözləntilərimiz böyükdür, lakin eyni zamanda mövcud durumdan narahatıq.