Quruyan Ağsu çayı, yoxa çıxan “Yeddi gözəl şəlaləsi” - REPORTAJ
Yay aylarında havaların həddən artıq isti və yağmursuz keçməsi İsmayıllı, Qəbələ, Ağsu və Şamaxının dağ çaylarının qurumasına səbəb olub. Xırda çaylarla yanaşı, Ağsu və Girdiman çaylarının da bu il ilk dəfədir ki quruması hamını təəccübləndirib. Ağsu və Kürdəmirdə 30-dan çox kəndin su mənbəyi olan bu çayların quruması kənd təsərrüfatını iflic vəziyyətə salıb.
Rayon sakinlərinin sözlərinə görə, Ağsu çayı həmişə gursulu olub. Sonuncu dəfə onun qurumasına 1998-ci ildə təsadüf edilib. Amma həmin ilin yayında çayın suyu qurusa da bu qısa müddətdə baş verib. Hazırda isə çay son iki ayda su üzünə həsrətdir. Quraqlıqdan çayın yatağında irili-xırdalı çatlar əmələ gəlib.
Ağsu çayı rayonun Bico, Qəşəng, Ləngəbiz, Gəgəli, Navahı və daha 8 kəndin kənd təsərrüfatını su ilə təmin edir. Hazırda çayın quruması nəticəsində bu kəndlərin əkin-biçin sahələri, otlaq sahələri, eləcə də meyvə ağacları susuzluqdan quruyaraq məhv olur.
Kənd sakinləri deyir ki, 20 il bundan əvvəl kəndlərdə 3-4 ədəd su artezianları olub ki, suya ehtiyac yaranan kimi ondan bəhrələniblər. İndi artezian qurğuları tam eroziyaya uğrayıb və istifadəsizdir. Digər tərəfdən isə kəndlərdən keçən və mənbəyini çaydan götürən su arxları da tam quruyub.
Hazırda Ağsunun 53 kəndi su çatışmazlığından əziyyət çəkir. Bunu son aylarda həddən artıq keçən isti və quraq hava şəraiti ilə əlaqələndirən Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azər Zərbəliyev bildirib ki, bu il vəziyyət daha ağırdır. Girdiman və Ağsuçayda suyun olması üçün yalnız yağışın yağmasını gözləmək lazımdır. O, bəzi kəndləri suvarma suyu ilə təmin edən Cavanşir gölündəki su ehtiyatının da 10-15 günə tükənəcəyini istisna etməyib. Təbii ki yağışlar yağmasa…
Qeyd edək ki, isti və quraq hava səbəbindən son vaxtlar Şamaxının Pirsaat çayı, İsmayıllının Ax-ox çayı və Qaraçay çayı, Qəbələnin Mirzəbəyli çayı, Dəmiraparan çayı, Vəndam çayı, Yeddi Gözəl şəlaləsi də quruyub.