Kürdəmirdə ağzında iri dişləri olan körpə doğulub

Kürdəmir rayonunda yeni dünyaya gələn körpə görənlərin təəccübünə səbəb olub. APA TV-nin məlumatına görə, gənc ailənin ilk körpə uşağı olan Əfsanə Mahmudova bir neçə gün əvvəl Kürdəmir Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində dünyaya göz açıb. Doğulduğu ilk gündən ağzında dişləri olan bu körpə tibb işçilərinin və rayon sakinlərinin marağına səbəb olub. Uşağın nənəsi Lətifə Mahmudova birinci dəfədir ki, belə hadisə ilə rastlaşdığını deyir.

Körpənin nənəsi Lətifə Məmmədovanın sözlərinə görə, balaca Əfsanə tam sağlam olsa da, dünyaya göz açan gündən gecə-gündüz ağlayır. Hamı onun ağlamasını və narahat olmasını dişlərinin vaxtından əvvəl çıxması ilə əlaqələndirir. Adətən körpə uşaqların 6 aydan sonra diş çıxarmağa başladığını deyən həkimlər bu uşağın ağzında dişləri ilə doğulmasını qeyri-adi hadisə hesab edir. Adətən körpə uşağın dişləri xırda olduğu halda Əfsanənin ağzındakı dişlər böyük adamın dişlərinə oxşayır.

Həkim Xosrov Məmmədov deyir ki, bu cür anormal hallara yeni doğulan hər 1500-2000 uşaqda rast gəlmək olar. Əgər bu uşaq qidalanan zaman onun dişləri ana üçün narahatcılıq yaradırsa, dişləri çıxartmaq lazımdır. Əgər dişlərin ana üçün heç bir narahatçılığı yoxdursa dişləri saxlamaq olar.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov