Türkiyə bu gün öz prezidentini seçir

Bu gün Türkiyə tarixində ilk dəfə prezident xalq səsverməsi yolu ilə seçiləcək. APA TV-nin məlumatına görə, bu, 2007-ci ildə ölkə konstitusiyasına edilən dəyişikliklər əsasında mümkün olub. Hazırkı prezident Abdullah Gülün səlahiyyət müddəti avqustun 24-də bitir. Bu gün keçirilən seçkilərdə namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, iki həftə sonra, avqustun 24-də səsvermənin ikinci turu keçiriləcək. Bu turda ilk mərhələdə ən çox səs toplamış namizəd iştirak edəcək.

Seçki bülleteninə üç namizədin adı daxil edilib. Hakim partiya seçkilərə baş nazir Rəcəb Tayyip Ərdoğanla gedir, CHP və MHP bu seçkilərdə vahid namizədlə çıxış etmək qərarına gəlib. Bir müddətdir ki, vahid namizəd Ekmələddin İhsanoğlunun nə qədər səs toplayacağı Türkiyədə gündəmin bir nömrəli mövzusudur. Kürd müxalifəti isə seçkilərə Səlahəttin Demirtaşla qatılır.

Konstitusiyaya edilən dəyişikliyə əsasən, Türkiyədə prezidentlik müddəti 7 ildən 5 ilə salınıb. Türkiyədə ölkə daxilində səs vermə hüququ olan insanların sayı 53 milyon 17 min 214 nəfərdir. Seçicilər 161 min 33 seçki qutusunda səs verəcəklər. Ölkə xaricində yaşayan və səsvermə hüququ olan vətəndaşların sayı isə 2 milyon 801 min 666 nəfərdir. 124 ölkə və 191 nümayəndəlikdən, yalnız 58 ölkə və 119 nümayəndəlikdə seçki məntəqələri yaradılıb.

Xatırladaq ki, xarici ölkələrdə, o cümlədən Azərbaycanda yaşayan vətəndaşlar üçün səsvermə 30 iyul-3 avqust tarixində keçirilib.

Seçkilərin yekun nəticələri avqustun 11-də açıqlanacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv